"Meqam-M" MMC

11 B.Bunyadov, Sabunchu region, Baku/Azerbaijan
AZ 1040
(+99412) 4250830
(+99450) 4110606
office@meqam-m.com

Azərbaycan diasporasının tarixi, inkişaf mərhələləri və xüsusiyyətləri

( Məqalə  13.06.2008-ci il tarixdə  "Şərq qəzeti"ndə nəşr olunmuşdur )

XXI əsr Azərbaycan diasporu: yaranması , yeni mərhələ,
mövcüd problemlər və inkişaf perspektivləri
(hüquqi –fəlsəfi baxış)


İnkişafın bütün mərhələl'rində , xüsusən , Azərbaycan xalqının təşəkkülü prosesində milli birlik ideyalarının yenidən formalaşması və təkmilləşməsi Azərbaycan milli şüurunun beynəlxalq aləmdə qəbul edilib, başa düşülməsi bu günkü inkişafımızın prioritet məsələlərindəndir.
Müasir dövrün tələblərinə uyğun olaraq, qloballaşan dünyada inteqrasiya etmək və eyni zamanda bu proses zamanı xalqların öz milli dəyər və xüsusiyyətlərini qoruyub saxlaması zərurəti meydana çıxır. Əlbəttə, bu zərurət hər şeydən əvvəl xalqın və cəmiyyətin milli şuurunda öz əksini tapmalı, mövcud beynəlxalq situasiyadan milli dəyərlərə ziyan gətirmədən istifadə olunmalıdır.
  Tarixən müxtəlif dövlətlərin maraq obyektinə çevrilmiş Azərbaycanın Şərq və Qərb arasındakı əhəmiyyətli coğrafi mövqeyi, dünya siyasəti və dövlətlərinin ona bu konteksdə yanaşması, xarici iqtisadi və siyasi müdaxilə xalqımız içərisində vahid birlik ideyalarının yeni formada yaranıb inkişaf etməsinə səbəb olmuşdur. Həmin birliyin inkişafı və möhkəmləndirilməsi təkcə Azərbaycan Respublikası vətəndaşlarından deyil, həm də bütün dünyaya səpələnmiş soydaşlarımızın təşəbbüskarlığından, səyindən və fəaliyyətindən asılıdır.
  Yunan dilindən "səpələnmək” kimi səslənən diaspora öz əvvəlki mənasından fərqli olaraq, bu gün daha konkret məna daşıyır. Belə ki, diaspora-tarixi torpaqlarından bu və ya digər səbəblərdən dolayı emiqrasiya etmiş əhalinin mərkəzlə, yəni doğma ata-baba yurdu ilə əlaqələndirilməsidir.  
Anlayışa məhz bu prizmadan yanaşılması ona siyasi xarakter verir ki, bu da bir neçə xüsusda təzahür edir. Bunlar diasporun yerli siyasətə təsiri, dövlətin siyasi haqlarının tanınması , beynəlxalq aləmdə müstəqil kimliyin yaradılması, siyasi mühacirlərin üzləşdiyi problemlər, diaspor təşkilatları fəaliyyətinin əlaqələndirilməsi, sosial-mədəni tədbirlərin keçirilməsinə dövlət dəstəyi və sairdir. Sadalanan məsələlər diasporun təməl prinsipləri olub, onların araşdırılması və dəyərləndirilməsi, bizcə , diaspor sözünün əsl mənasını açmağa bizə imkan verir.
Dövlət, prinsipcə, yalnız öz sərhədləri daxilindəki əhali ilə birbaşa maraqlandığı halda, diasporanın təsir dairəsi daha genişdir. Prinsip etibarilə, diaspor təşkilatları ölkə daxilində yaşayan əhali ilə onun xaricində yaşayanların əlaqələrini qurmağı, fəaliyyətlərini koordinasiya etməyə çalışır. Məhz buna görə də dövlət və diaspora fəaliyyətinin bir istiqamətə yönəlməsi, başqa sözlə desək, onun vətəndaşlarının bütöv halda formalaşması vacibdir.
Bəzən müəyyən sosial maraqları olan qruplar dövlətin daxili və xarici siyasətində müəyyən məsələlərə təsir göstərmək üçün formal təşkilatlar yaradırlar. Belə təşkilatlar diaspora üçün real təhlükə yaradır.
Məsələn, Rusiyada fəaliyyət göstərən skinxedlər –irqçi ekstremistlər olub, orada yaşayan milli azlıqlara qarşı yönəlmişdir. Bunun əksinə olaraq, diaspora cəmiyyətləri digər demoqrafik qruplar tərəfindən öz ölkələrində xenofobiya, başqa sözlə, təqib altında yaşayan soydaşlarının müdafiəsinə çalışır.
Rusiya Federasiyasında daimi yaşayan və müvəqqəti məskunlaşmış azərbaycanlılarırn bu problemi ilə uğurla « Ümumrusiya Azərbaycanlıları konqresi» məşğul olur. Konqresin nəzdində hüquq bölməsi fəaliyyət göstərir. Bu bölmədə yüksək təcrübəli, peşəkar hüquqşünaslar fəaliyyət göstərərək Rusiyada yaşayan azərbaycanlılara yüksək səviyyədə, qanunun aliliyi müstəvisində hüquqi xidmətlər göstərirlər. Moskvada yaşayan azərbaycanlı iş adamları Araz Ağalarov, İsgəndər Xəlilov, Telman İsmayılov və digərləri öz maddi və mənəvi köməklərini əsrgəmirlər
Bəzi hallarda ölkənin ənənəvi suverenliyini qorumağa çalışan diasporların fəaliyyəti şəxsi valyutalar hesabına maaliyyələşdirilən lobbiçilik qrupları tərəfindən məhdudlaşdırılır və yaxud da tam şəkildə qadağan edilir. Məsələn, ABŞ konqresinin Azərbaycana yardımı qadağan edən 907 saylı aktı məhz erməni-amerikan lobbisinin antiazərbaycan fəliyyətinin nəticəsi idi.
Azərbaycanlılar bir millət kimi vətənə məhəbbəti və torpağa bağlılığı ilə miqrasiyaya az meyllidirlər. Azərbaycandan miqrasiyanın mərhələlərinə nəzər salsaq, onun müxtəlif iqtisadi-siyasi hadisələrlə əlaqədar olduğunu görərik.
Azərbaycanlıların dünya ölkələrinə mühacirəti bir neçə mərhələləri əhatə edir. XVII əsrin sonlarında çar Rusiyasının hakim dairələri öz ölkələrinin cənub sərhədlərini yeni işğallar hesabına genişləndirmək və Xəzər hövzəsində möhkəmlənmək məqsədilə 1722-ci ildə Həştərxandan yürüşə başladı.
Gülüstan (1813) və Türkmənçay (1828) sülh müqaviləsinə əsasən Azərbaycanın şimal hissəsinin Rusiya tərəfindən işğalı rəsmiləşdirildi. Müqavilələrə əsasən Azərbaycan iki hissəyə bölünərək şimalı- Rusiyanın, cənubi isə - İranın tabeçiliyində qaldı. Rusiyanın himayədarlığı nəticəsində Azərbaycan torpaqlarına, xüsusən, Dağlıq Qarabağ, Naxçıvan və başqa ərazilərə ermənilərin köçürülməsi başlandı ki, bu da miqrasiya prosesinin və gələcək torpaq iddaalarının əsasını qoydu.
Sonrakı dövrlərdə baş vermiş ictimai-siyası hadisələr ( 1905-1906 cı illər ərzində, 1918-ci ilin martında azərbaycanlıların ermənilər tərəfindən soyqırımı, 1920-ci ildə ADR-nın süqutu,1948-1953-cü illərdə azərbacanlıların Qərbi Azərbaycandan deportasiyası, 1988-1990-cı illərdə azərbaycanlıların yenə oradan vəhşicəsinə qovulması, 1992—ci il Xocalı soyqırımı, Respublikanın 7 rayonunun işğalı) miqrasiyanı sürətləndirdi.
Qeyd edək ki, xaricdə yaşayan azərbaycanlar , zənnimizcə, dörd istiqamətdən miqrasiya etmişlər: İran, Türkiyə, keçmiş Sovet Respublikaları və Azərbaycandan.
Cənubi Azərbaycandan miqrasiyalar Səttərxan, Şeyx Məhəmməd Xiyabani, S.J. Pişəvəri və imam Xomeyni hərakatlarından sonra baş vermişdir. Postsovet Respublikalarından azərbaycanlıların miqrasiyası isə Sovet hakimiyyətinin süqutundan sonra həmin Respublikalarda Milli zəmində baş vermiş münaqişələr nəticəsində həyata keçmişdir. Yeri gəlmişkən qeyd edək ki, II Dünya Müharibəsi zamanı əsirlikdə olan azərbaycanlıların çoxu Stalin rejiminin cəzalarından qorxaraq məcburi şəkildə müxtəlif Avropa ölkələrində məskunlaşmışlar.
Hazırda, Rusiya Federasiyasında 1 milyon 550 mindən çox, Ukraina Respublikasında 500 min, Belorusiyada 66 min, Gürcüstan Respublikasında 600 min, Qazaxıstan Respublikasında 110 min, Özbəkistan Respublikasında 60 min, Türkmənistan Respublikasında 33 min, Qırğızıstan Repsublikasında 20 min, Almaniyada 300 min, Amerika Birləşmiş Ştatlarında 1 milyon, Fransada 165 min, Bolqarıstanda 64 min, Hindistanda 301 min, Pakistanda 654 min, İsveçrədə 40 min, Meksikada 26 min, Kanadada 174 min, İsveçdə 41 min, Norveçdə 50 min, Danimarkada 56 min, Hollandiyada 244 min, Braziliyada 74 min, Argentinada 12 mindən çox, Kanadada 15 min, İraqda 844 min, Türkiyədə 2 milyon 460 min, İranda 27 milyon 564 min, Banqladeşdə 170 min, Əfqanıstanda 424 min, Suriyada 50 min, Səudiyyə Ərəbistanında 40 min, Yəməndə 58 min, Çində 30 min, Maltada 2,5 min , Afrika qitəsində 1 milyon 122 min- o cümlədən Misirdə 845 min, Əlcəzairdə 260 mindən çox, Sudanda 17 mindən çox azərbaycanlı məskunlaşmışdır. (mənbə: «Dünya Xalqları tarixi - etnoqrafik ensiklopedik məlumat kitabı» ) «Hindistan ensiklopediyası» (1982-ci il), «Oksford Universiteti etnoqrafik lüğəti» ( 1983-cü il), «Britaniya ensiklopediysı» (1986-cı il), «Yaxın və Orta Şərq ensiklopediyası» (1989-cu il) və «YUNESKO»-nun məlumat bülleteni)
Hazırda dunyada yaşayan azərbaycanlıların sayı təxminən 50 milyona yaxındır. Bəzi mənbələrdə bu rəqəm 60 milyon olduğunu göstərilir.
Azərbaycan xalqı dünyada 75 milyonluq Koreyadan sonra ikinci çoxsaylı xalqdır ki, iki yerə parçalanmışdır. Acıncaqlı o haldır ci, bu günədək BMT bizə «parçalanmış xalq» statusu verməmişdir. Qeyd edək ki, KXDR 4 oktyabr 2007-ci il tarixdə parçalanmış xalqının birləşməsi üçün BMT Baş Assambleyasına müraciət etmiş və 1 noyabr 2007-ci il tarixdə BMT-da bu müraciətin lehinə yekdil səslə qətnamə qəbul edilmişdir.
Bu bizim keçmişimizdir. Bu gün diaspora tariximiz isə Naxçıvan MR Ali məclisinin «Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü» haqqında 1991-ci ilin 16 dekabr tarixli qərarı və həmin tarixə imza etmiş ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. Qərarın məntiqi nəticəsi olaraq, 31 dekabr «Dünya azərbaycanlılarının həmrəylik günü» kimi elan edildi və bu xaricdə yaşayan soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılandı.
Mərhum Prezidentimiz H.Əliyevinin xarici səfərlər zamanı azərbaycan diasporunun nümayəndələri ilə görüşü, onun tövsiyyə və məsləhətləri xarici ölkələrdə diasporamızın bir mütəşəkkil cəmiyyət kimi formalaşmasına xüsusi təkan verdi. O görüşlərin birində belə demişdir: «Xaricdə yaşayan azərbaycanlılar bütün sahələrdə fəaliyyət göstərməlidirlər. Azərbaycanın təkcə dövlətçiliyinin möhkəmləndirilməsi mənafeyi naminə çalışmaqla kifayətlənmək olmaz, eyni zamanda respublikamızın tarixinə, mədəniyyətinə, bütün mənəvi dəyərlərimizə uzanan qara əlləri vaxtında kəsib atmaq, bədnam niyyətləri əsaslı şəkildə ifşa etmək lazımdır».
Xarici ölkələrdə yaşayan Azərbaycan diasporu ilə əlaqəni möhkəmləndirmək diaspora fəaliyyətini koordinasiya etmək məqsədilə Ulu Öndərin rəhbərliyi ilə 5 iyul 2002-ci il tarixdə Respublikamızda yaradılmış «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi» yaradıldı.
Dünya azərbaycanlılarının I (2000-ci il) və II qurultaylarının (2001-ci il) keçirilməsi də məhz diaspor məqsədlərinin yerinə yetirilməsi istəyindən irəli gəlmişdir. Prezident H.Əliyevin təklif və təşəbbüsü ilə elə I qurultayda «Dünya Azərbaycanlılarının əlaqələndirmə şurası» yaradıldı . Həmin Şuraya rəhbərlik AMEA-nın prezidenti M.Kərimova tapşırıldı. Şuranın sədr müavini isə Edinburq Universtetinin professoru Q.Səbri Təbrizi oldu. Diaspora ilə əlaqə yaratmaq müəyyən problemlərin həll etmək sahəsində, həm bu təşkilat və həm də Qeyri Hökümət Təşkilatları Forumu nəzdində R.Zeyninin rəhbərliyi altında fəaliyyət göstərən “Diaspora Mərkəzi” təqdirəlayiq fəaliyyət göstərir. Diasporanın problemləri isə kifayət qədərdir. Həmin problemləri aşağıdakı kimi qeyd etmək olar.
1. Diaspora problemində ən həssas nöqtə ,bizcə, müxtəlif ölkələrdən olan azərbaycanlıların bir-biri ilə əlaqələr qurmaq məsələsində qarşılaşdıqları çətinliklərdir. Belə ki, Türkiyə, Azərbaycan, İran və Qərbi Avropadan DAK-ın Konfransına toplaşan Azərbaycan diaspora nümayəndələrinin bir-birilə soyuq münasibətləri təəsüf doğurmaya bilməz. DAK-ın IV Konfransında (Hollandiyanın Haaqa şəhərində 11-13 oktyabr 2003-cü il ) təşkilatın parçalanması, daha sonra elə ötən il (2007-ci il) onun yenidən parçalanması həmin münasibətlərin nəticəsidir. DAK -ın əvvəlki konfranslarının birində cənublu qardaşlarımız konfrans zalına Azərbaycanın üçrəngli bayrağının deyil, İran bayrağının gətirilməsini tələb etmişdir. Əlbəttə, bu faktın özü diasporamızın məntiq və məramının aydın olmamasından xəbər verir. Axı dünya azərbaycanlılarının bir vətəni var! O da Azərbaycan Respublikasıdır. Bu sətirlərin müəlliflərindən biri Holandiyada DAK-ın VI-cı qurultayında iştirak edərkən diaspora daxilində qəribə münasibətlər müşahidə etdi. Qurultay nümayəndələri sanki 4 qrupa bölünmüşdür: Azərbaycandan, Türkiyədən, İrandan və Qərbi Avropadan gələn azərbaycanlılar. Əlbəttə , bura Amerikadan gələn azərbaycanlıları da daxil etsək diasporun rəngarəngliyi aşkar olar. Bu qurultay arasında fikir ayrılığı DAK-ın parçalanmasına səbəb oldu. Lakin bu parçalanma davam etməkdədir və bu gün də davam edir. Təəsüflər olsun ki, cənublu, şimallı, avropalı azərbaycanlı anlayışı bizim ümumi işimizə ziyan vurur və vurmaqdadır. Hətta, müxtəlif dövrlərdə (oktyabr inqilabına qədər, Böyük Vətən müharibəsi zamanında və Stalin rejimi və nəhayət, Sovet hakimiyyətinin süqutundan sonra ) emiqrasiya edən azərbaycanlılar da keyfiyyətcə bir-birindən fərqlənir. Emiqrasiya etdiyi dövlətdən, yerdən, işindən və peşəsindən asılı olmayaraq hər bir azərbaycanlı diasporamızın mübariz üzvü olub, Azərbaycan həqiqətlərini dünyaya yaymalı, Azərbaycan elminin , mədəniyyətinin ,tarixinin yorulmaz təbliğatçısı olmalıdır.
Problemlərin həlli istiqamətləri :
1.Tarix boyu müstəqillik əzmini yaşamış və bu müstəqilliyi əldə etmiş, zəngin mədəniyyətə , qədim dövlətçilik ənənələrinə malik, yetkin bir millət kimi formalaşmış Azərbaycan xalqının elmi, mədəni və digər sahələrdə əldə etdiyi nailiyyətlərin dünyaya tanıtmaq üçün elmi-pratiki, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinin təşkili və həmçinin, xaricdə yaşayan soydaşlarımızın lobbiçilik fəaliyyətinin genişlənməsinə kömək etmək niyyətilə onların sayı, həyat tərzi, yaşadıqları dövlətin ictimai-siyasi həyatında iştirak dərəcələri və digər məlumatların əldə edilməsinin zəruriliyini şərtləndirir.
Bu məqsədlə səfirliklər və ərazilərində azərbaycanlılar yaşayan dövlətlərin miqrasiya xidmətindən istifadə etmək olar. Belə ki, «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi»nin əməkdaşlarının və ya diaspora sahəsində fəaliyyət göstərən QHT-nın müqavilə şərtlərinə əsasən əməkdaşlarının səfirliklərə ezam edilməsinin təşkili bu sahədə əsaslı dönüş yaradar və qısa zamanda öz müsbət təsirini göstərər.
Azərbaycan diasporunun iş aparması onun təşkilatlanmasından çox asılıdır. Hələ Brussel görüşündə bu məsələyə toxunan Ulu öndərimiz qeyd edirdi ki, Avropa ölkələrində yaşayan azərbaycanlılar bir mərkəzdə birləşməlidirlər. Bunun üçün vətəndaşlarımız təşəbbüskar olmalı, eyni zamanda, səfirliklərimiz də fəallıq göstərməlildirlər.
Bir mərkəzdə birləşmək ideyasının gerçəklənməsi üçün vahid bir mexanizm yaradılmamışdır. Baxmayaraq ki, «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi» bu istiqamətdə olan fəaliyyətini uğurla davam etdirir . Belə ki, 12 aprel 2007-ci il tarixdə İsraildə təntənəli şəkildə «Azİz» Azərbaycan – İsrail Dövlətlərarası Assosiasiyasının Təsis konfransı keçirilmişdir. Məlumdur ki, azərbaycanlılar tarix boyu yəhudilərlə sədaqətli dost və səmimi qonşuluq münasibətində yaşamışdır. Həmin səbəbdən əvvəllər azərbaycanda yaşamış 20 mindən artıq yəhudini öz sıralarında cəmləşdirən «Azİz» təşkilatının böyük əhəmiyyəti vardır. Belə ki, «Azİz» öz sıralarında bütün rusdilli kütləvi informasiya sahəsində çalışan 30-dan artıq jurnalisti, 150-dən artıq həkimi və ölkənin 6 böyük Universtetində dərs deyən 6 nəfər professoru cəmləşdirmişdir. Bu böyük qüvvədir. Elə bunun nəticəsidir ki, İsraildə ilk dəfə olaraq Azərbaycanın «Respublika günü»nə həsr olunmuş bayram şənlikləri qeyd edildi və dekabr ayının əvvəllərində Azərbaycanın ümummilli lideri mərhum Prezidentimizin xatirə gecəsi keçirildi. İsraildə «Azərbaycan Mədəniyyət Mərkəzinin» təntənəli açılışı qeyd olundu. Gələcəkdə xarici ölkələrdə siyasətimizin həyata keçirilməsində bu diasporanın əvəzsiz xidmətləri olacaq. Biz buna inanırıq. Çünkü xarici ölkələrdə Azərbaycan mədəniyyətini, tarixini, ənənələrini İsraildə olan diaspora qədər bilən xalq yoxdur. O səbəbdən ki, diasporanın 80 faizindən çoxu Azərbaycan dilini, Azərbaycan tarixini, müsiqisini, incəsənətini çox gözəl bilir. Onlar Azərbaycan həqiqətlərini bütün dünyada təbliğ etmək imkanına malikdirlər. Bu qüvvədən istifadə edərək dünya ictimayyətinin nəzərinə çatıdırılmalıdır ki, MDB ölkələrinin dövlətlərarası Statistika komitəsinin məlumatına əsasən keçən ilin nəticələrinə əsasən istehsalın artımına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyi üzvləri arasında birinci yeri tutur. Bu göstərici keçən ilin göstəricisindən 26,4 % çoxdur. Azərbaycan 133 ölkə ilə 9,2 milyard dollar həcmində idxal ixrac əməliyyatlarını həyata keçirmişdir. İqtisadiyyatın inkişaf tempi dövlət büdcəsini 2008-ci ildə 7,393 manatadək atırılmasına imkan vermişdir. (1 manat 0,84 dollara bərabər hesablanmışdır.) Bundan əlavə , 2009-cu ildə quraşdırılması tamamlanacaq , Qars –Axalkalaki-Tiflis-Bakı xətti ilə ildə 15 milyon ton yüklərin daşınmasına imkan verən dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək ən qısa və effektiv «relslər üzərində ipək yolu» olacaqdır. Bu nailiyyətlərin fonunda 2016-cı il Olimpiadasının Bakıda keçirilməsi verilmiş ərizə məntiqidir və öz məntiqi həllini tapmalıdır. Qeyd etmək lazımdır ki, 2016–cı ildə keçiriləcək Olimpiadanın Bakıda keçirilməsi Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 30-cu sessiası tərəfindən əksəriyyət çoxluqla (9 səsdən 8-zi tərəfindən) dəstəklənmişdir. Bunun əleyhinə, yalnız Ermənistan Respublikası səs vermişdir ki, o da bu qərarını ədalətsiz olaraq Qarabağ Problemi ilə əsaslandırmağa çalışmışdır. (Qeyd edək ki Olimpiada keçirilməsinə ərizə vermiş şəhərlər arasında Rio-de Janeyro Çikaqo, Madirid, Tokio və Doxa vardır). Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının dəstəyinin əhəmiyyəti 2014-cü ildə qış Olimpiadasının Soçi şəhərində keçirilməsinə müsbət həllini tapmasında təzahür edir. Bu məsələnin həllinə «Azİz» təşiklatının fəaliyyətinin yönəldilməsi arzuolunandır. Azərbaycan dövləti üçün çox önəmli olan bu məsələdə bütün Azərbaycan diasplora təşilatlarının fəaliyyəti istiqamətləndirilməli və əlaqələndirilməlidir. Ölkələr arasında dostluq cəmiyyətlərinin yaradılması da bu yöndə fəaliyyətin bir formasıdır.
2.«Ümumrusiya Azərbaycanlaları konqresi» iş fəaliyyətinin digər dövlətlərin ərazilərində də tətbiq edilməsinə köməklik göstərilməli, bu təcrübə geniş tətbiqini tapmalıdır.
3. Azərbaycanda azad mətbuat, kütləvi informasiya vasitələri üçün yaradılan şəraitlə yanaşı, dövlətin qlobal informasiya məkanında geniş təmsil olunması və aparıcı xarici mətbuat orqanlarının nümayəndəlikləri ilə əlaqələrinin genişləndirilməsi , bütün dünyada siyasi plüralizmim hökm sürdüyü bir dövlət imicinin qorunub saxlanılması istiqamətində olan fəaliyyət genişləndirilməlidir.
Bu gün diaspora üzvləri olan gənclərin bir-biri ilə münasibətdə olmaları, diaspora təşkilatları nəzdində gənclər klubunun yaradılması imkanları yoxdur. Belə klub və mərkəzlərdə gənclərin bir- biri ilə tanış olaraq, ana dilində ünsüyyətdə olmaları, birləşmək imkanlarını əhatə edən müzakirələr aparmaları mühüm əhəmiyyət kəsb edir.. Bu həm də valideynlər üçün böyük problemdir. Öz həmvətənləri ilə ailə–nigah qurmaq çətinliyi bu gün diaspora üzvləri arasında problem kimi öz aktuallığını itirməmişdir.
Yalnız bir-biri ilə münasibət qurmaqla, öz xalqının zəngin tarixini və mədəniyyətini, xalqın görkəmli nümayəndələrinin həyatını öyrənməklə, musiqisini dinləməklə öz xalqının keçmişi ilə qürurlanmaq , gələcəyinə ümüdlə baxmaq və xalqının gələcəyi üçün şəxsi məsuliyyyəti anlamaq olar.
Bunun üçün müstəqil Azərbaycanda «Dünya Azəprbaycanlılarının Milli Üniverstetinin» yaradılması zərurəti meydana çıxır. Əsasən tariximizi, mədəniyyətimizi və siyasətimizi əhatə edən fakultələr fəaliyyət göstərməlidir.
Həmin Universtetin nəzdində geniş auditoriya imkanlarına malik «Azərbaycanlılar evi» yaradılmalıdır. Bu «evdə» bütov Azərbaycanın təbliğinə yönəldilmiş kütləvi tədbirlərin, mətbuat konfranslarının, gənclər üçün əyləncəli proqramların təşkil olunması üçün şərait yaradılmalıdır. «Xaricdə yaşayan azərbaycanlılar» anlayışı baxımından həmin şəxslərin övladlarının və çoxsaylı diaspora üzvlərinin yaradılacaq «Dünya Azəprbaycanlılarının Milli Üniversiteti» nə ali təhsil almaq üçün cəlb edilməsi Azərbaycanda turizmin inkişafına əhəmiyyətli təsirini göstərəcəkdir.
Qarşıda duran problemləri həlli üçün azərbaycan diasporuna dövlət qayğısı artırılmalıdır. Başqa xalqlarla xüsusən, yəhudi, yunan və erməni diasporu ilə müqayisədə bu fərq nəzərə çarpır. Diasporamızın maliyyə dəstəyinə böyük ehtiyacı var. Etiraf etməliyik ki, Ulu Öndərimizin rəhbərliyi altında diasporanın inkişafı sahəsində çox böyük işlər görülmüş və əhəmiyyətli qanunlar qəbul edilmişdir.
- 27 dekabr 2002–ci il tarixli «xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsində xaricdə yaşayan azərbaycanlılrla bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin məqsədləri üçün xaricdə yaşayan azərbaycanlılara maliyyə yardımı edən fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vergi, gömrük güzəştləri və digər güzəştlər verilə bilər.
Həmin qanunun 9.3-cü maddəsində isə qeyd edilmişdir.
- xaricdə yaşayan azərbaycanlılara və onların təşilatlarına maddi yardım edilməsi məqsədilə dövlətin, fiziki və hüquqi şəxslərin ödəmələri hesabına təşkil olunan dövlət və ya ictimai fondlar yaradıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının və digər dövlətlərin fiziki və hüquqi şəxslərinin xeyriyyəçilik fəaliyyətləri həvəsləndirilir.
Qanunun bu maddələrinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 109.2 maddəsinə istisna kimi qeyri kommersiya fəaliyyəti ilə bağlı diaspora problemləri ilə məşğul olan Qeyri Hökümət Təşilatlarına maliyyə yardımı edən fiziki şəxslərin gəlir vergisindən və hüquqi şəxslərin mənfəət vergisindən maliyyə yardımı miqdarında gəlirdən çıxılması qeyd edilməlidir. Fiziki və hüquqi şəxslərinin xeyriyyəçilik fəaliyyətləri Vergilər Nazirliyi tərəfindən məqsədəyönlü həvəsləndirilməlidir.
Azərbaycan diasporunun inkişafına dövlət qayğısı bu gün daha da güclənmişdir. Ulu Öndərimizin bu sahədə tövsiyyələri, qarşıya qoyduğu mühüm vəzifələr və tapşırıqlar, dövlətin siyasi xətti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
İnanırıq ki, həmin qayğı gündən günə artacaq və Azərbaycan diasporu xarici ölkələrdə yaşayan diasporalar arasında öncüllərdən biri olacaq.