I Hissə
Maddə 1. İnsan hüquqlarına əməl etmək öhdəliyi.
Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər bir kəs üçün bu Konvensiyanın 1-ci fəslində müəyyən edilmiş hüquq və azadlıqlarının təminatçısıdır. Maddə 2. Yaşamaq hüququ. 6 saylı Protokol: Maddə 1. Ölüm hökmünün ləğv edilməsi. Maddə 2. Müharibə şəraitində ölüm hökmünün icra edilməsi. Maddə 3 . İşgəncələrin qadağan olunması.
Beynəlxalq konvensiya (latınca konventio - razılaşma, saziş) çoxsaylı tərəflər arasında bağlanmış beynəlxalq müqaviləninin bir növü olmaqla, hər hansı bir xüsusi sahədə tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir:
«Bu bəyannamənin əsas məqsədi onda elan edilən hüquqların ümumi və səmərəli qəbul edilməsi, onlara riayət edilməsini təmin etmək və üzv dövlətlər arasında daha böyük birliyə nail olmaqdır. Bu məqsədə çatmaq üçün bütün dünyada ədalətin və sülhün əsasını təşkil edən demokratik sistemə malik olan və insan hüquqları və əsas azadlıqlara özünün bağlılığını bir daha təsdiq edən Avropa ölkələrinin hökumətləri ümumi bəyannamədə qeyd olunan hüquqlardan bəzilərinin konkret qaydada həyata keçirilməsi yolunda ilkin addımlar atmaq qətiyyətini nümayiş etdirərək razılığa gəldilər…»
Avropa İnsan haqları və əsas azadlıqlarına dair konvensiyada - razılığa gələn yüksək tərəflər dedikdə, konvensiyaya qoşulmuş müstəqil, demokratik, hüquqi və dünyəvi dövlətlər nəzərdə tutulur. Bu meyarlara cavab verən dövlət qoşulduğu konvensiyanı müvafiq qaydada imzalamalı və ratifikasiya (dövlətin qanunvericilik hakimiyyəti tərəfindən təsdiq edilməsi) etməlidir.
Konvensiyaya qoşulma vaxtı tərəf - dövlət üçün hüquqi əhəmiyyət kəsb edir. Belə ki, həmin vaxtdan etibarən Konvensiyaya qoşulmuş dövlətin ərazisində yaşayan hər bir şəxsin İnsan Haqları Avropa Məhkəməsinə müraciət etmək hüququ yaranır.
Konvensiyanın 1-ci maddəsi insan hüquqlarına əməl etmək öhdəliyini, bu öhdəlikdən yaranmış məram və məqsədləri və bu məqsədlərə çatmaq yollarını və şərtlərini müəyyənləşdirir.
Digər beynəlxalq hüquqi aktlar kimi, konvensiya da ona imza atmış dövlətlərə ünvanlanmış və konvensiyada nəzərdə tutulan əsas insan hüquq və azadlıqlarının qorunması öhdəliyi tərəflərin üzərinə qoyulmuşdur. Öhdəliyin mahiyyəti təkcə insanın vətəndaş, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarını qorumaq məqsədilə qanunsuz hərəkət və hərəkətsizliyin qarşısını almaq deyil, həm də bu hüquqların pozulmasına səbəb olmuş şəraiti aradan qaldırmaqdan ibarətdir.
Azərbaycan Respublikası 2001-ci ilin yanvar ayında Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar Avropa Şurasının üzvü kimi qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmaq öhdəliyi götürmüş və İnsan haqları və əsas azadlıqlarına dair Avropa konvensiyasına qoşulmuşdur. Göründüyü kimi, əgər əvvəllər Avropa Şurasına üzvlük qeyd olunan konvensiyaya qoşulmaq öhdəliyi yaradırdısa, hazırda əksinə olaraq, Avropa Şurasına üzv olmaq Konvensiyaya qoşulmaq öhdəliyi ilə şərtləndirilir.
Azərbaycan Respublikası müasir dünyanın demokratik təsisatlarına və dünyada gedən demokratik proseslərə olan münasibətini Azərbaycan Respublikasının Konstitusiyasının (12 noyabr 1995-ci il tarixdə qəbul edilmiş və həmin ilin 27 noyabrında təsdiq edilmişdir) III fəslində təsbit edilmiş əsas insan və vətəndaş hüquqları və azadlıqları prinsipləri ilə bir daha nümayiş etdirmişdir.
III fəsildə əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasına: bərabərlik hüququ, yaşamaq hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, əqli mülkiyyət hüququ, təhlükəsiz yaşamaq hüququ, şəxsi toxunulmazlıq hüququ, mənzil toxunulmazlığı hüququ, nigah hüququ, əmək hüququ, tətil hüququ, istirahət hüququ, sosial təminat hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ, mədəniyyət hüququ, sağlamlığın qorunması hüququ, tətil hüququ, mənzil hüququ, milli mənsubiyyət hüququ, ana dilindən istifadə hüququ, şərəf və ləyaqətin müdafiəsi hüququ, vətəndaşlıq hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ, dövlətin idarə olunmasında iştirak etmək hüququ, seçki hüququ, müraciət etmək hüququ, birləşmək hüququ, azad sahibkarlıq hüququ, hüquqi yardım almaq hüququ, məhkəməyə təkrar müraciət hüququ, tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları, zərərin ödənilməsini tələb etmək hüququ, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları, siyasi sığınacaq hüququ, fikir və söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığı, vətəndaşlıq hüququnun təminatı, hüquq və azadlıqların məhkəmə təminatı, məhkəmə aidiyyatının dəyişdirilməsinə yol verilməməsi, təqsirsizlik prezumpsiyası, bir cinayətə görə təkrar məhkum edilməyə yol verilməməsi, qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi və.s. daxildir.
Bu hüquq və azadlıqların müdafiəsinə dövlət tərəfindən təminat verilməsi əsas Qanunun 26-cı maddəsində öz təsdiqini tapmışdır.
Konvensiyanın 25-ci paraqrafının 1-ci maddəsinə əsasən, üzv dövlətlər şəxsin Avropa Məhkəməsinə şikayəti effektiv qaydada təqdim etmək və davam etdirmək hüququna müdaxilə etməmək barədə öhdəlik götürürlər. Bu isə ərizəçiyə prosesdə təmin oluna bilən prosedur xarakterli hüquqlar verir. Ərizəçilərin və potensial ərizəçilərin konvensiya orqanları ilə azad şəkildə əlaqə saxlamaq imkanı effektiv fərdi şikayət etmə sistemi üçün xüsusilə vacibdir. Bu həmin şəxsləri şikayətlərini geri götürmək və ya dəyişdirmək üçün dövlət orqanları tərəfindən hər hansı bir formada təzyiqə məruz qalmaqdan qoruyur. Bu maddə 16 sentyabr 1996-cı il tarixli Akdivar Türkiyəyə qarşı (« Akdivar v. Turkey») işi üzrə qərarda ətraflı şərhini tapmışdır.
«Hər hansı formada təzyiq» ifadəsi ərizəçilərə birbaşa təzyiq göstərmək və açıq-aşkar hədələməkdən başqa, həm də hüquq müdafiəsi vasitələrinin istifadəsindən daşındırmağa və ya çəkindirməyə yönəldilmiş qanunsuz dolayı hərəkət və ya təmasları əhatə edir. Dövlət orqanları ilə ərizəçi arasında təmas 25-ci maddə baxımından qəbuledilməz hesab olunur. Ərizəçinin Məhkəməyə müraciət edib sonradan yazılı formada öz ərizəsindən imtina etməsi halları çox vaxt dövlət orqanlarının nümayəndəsi və ya nümayəndələri tərəfindən şəxsin şikayətetmə hüququna maneçilik törətmiş qanunsuz təzyiq formasının nəticəsi olur. Beləliklə, hər bir halda bu huquqların pozulmasına görə cavabdeh qismində konvensiyaya qoşulmuş dövlət çıxış edir.
Buna görə də Avropa Məhkəməsi şəxslərin bir-birlərinə və ya dövlət adından hər hansı bir hüquqi və ya fiziki şəxsə qarşı ünvanlanmış şikayətləri qəbul etmir. Burada hər hansı bir dövlətin digər dövlətə qarşı iddiası istisna təşkil edir.
Razılığa gələn yüksək tərəflərin yurisdiksiyası altında olan hər bir kəsin bu konvensiyanın 1-ci fəslində müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması sahəsində dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilib-yetirilməməsini araşdırmaq üçün xüsusi bir nəzarət mexanizmi yoxdur. Belə nəzarət iştirakçı dövlətlərə qarşı ünvanlanmış şikayətlərə Məhkəmə tərəfindən baxılmaqla qərar qəbul edilməsi, yaxud şikayətlərə dövlətdaxili məhkəmədə yenidən baxılması, qanunvericiliyə müəyyən dəyişiklik edilməsi təkliflərinin verilməsi, həmçinin, Məhkəmə qərarlarının icrasının Avropa Şurası Nazirlər Kabineti tərəfindən təmin edilməsi vasitəsi ilə həyata keçirilir.
Qeyd etmək lazımdır ki, tərəflərin «yurisdiksiyası altında olan hər bir kəs» anlayışı özünəməxsus yanaşma tələb edir. Belə ki, «hər kəs» anlayışı da konvensiyanın müddəalarında geniş mənada istifadə olunur. Hüquqi nöqteyi nəzərdən, hər bir dövlətin ərazisində yaşayan insanlar hüquqi vəziyyətlərinə görə bir-birlərindən fərqlənmələrinə baxmayaraq (vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər), konvensiyanın tələbləri bütün insanlara, o cümlədən, fəaliyyət qabiliyyəti olmayanlara da (uşaqlara, əlillərə və.s.) şamil olunur. Konvensiyanın 34-cü maddəsinə əsasən, konvensiyada nəzərdə tutulmuş hüquqlarının pozulması nəticəsinə gəlmiş istənilən fiziki şəxs, müəyyən insan qrupları və Qeyri-Hökumət Təşkilatları Məhkəməyə müraciət edə bilər.
Dövlətin səlahiyyəti, ilk növbədə, onun ərazisi ilə müəyyən olunur. Beynəlxalq hüquq dövlət tərəfindən ərazi səlahiyyətlərinin həyata keçirilməsini istisna etmədiyi halda, bunun əsasları (vətəndaşlıq, bayraq, diplomatik və konsulluq münasibətləri, təsir, müdafiə, passiv şəxsiyyət və ümumilik), bir qayda olaraq, digər dövlətlərin ərazi hüquqları ilə müəyyən olunur və məhdudlaşır.
Buna müvafiq olaraq, bir dövlətin xaricdə yaşayan vətəndaşları üzərində yurisdiksiyasını (hakimiyyətini) həyata keçirməsi həmin ölkənin və vətəndaşın olduğu ölkənin ərazi səlahiyyətlərindən asılıdır. Əlavə olaraq, bir dövlət digər dövlətin razılığı, dəvəti və ya güzəşti olmadan onun ərazisində öz səlahiyyətlərini həyata keçirə bilməz.
Qeyd etmək lazımdır ki, tərəflərin «yuridiksiyası altında olan hər bir kəs» anlayışı Azərbaycan Respublikası qanun¬vericiliyinin müddəaları ilə Azərbaycan Respublikası ərazisində və ərazisindən kənarda Azərbaycan Respublikasının bayrağı altında olan və ya onun tanınma nişanlarını daşıyan, yaxud onun limanlarında qeydə alınan dəniz və çay gəmilərində də tətbiq olunur. Lakin məlumdur ki, Azərbaycan Respublikası Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermir. Həmin səbəbdən işğal olunmuş ərazilərdə əsas insan hüquq və azadlıqlarının təminatçısı öhdəliyini işğalçı Ermənistan Respublikası daşımalıdır.
Bundan əlavə, konvensiyanın müddəaları hər hansı bir dövlətin ərazisində qanunsuz əsaslarla yaşayan şəxslərə də o halda şamil olunur ki, həmin şəxslərin qanunsuz əsaslarla yaşaması demokratik cəmiyyətlərə xas olmayan qaydalar əsasında müəyyənləşdirilsin. Lakin qeyd etmək lazımdır ki, belə şəxslərin dövlət təhlükəsizliyi baxımından və ya ictimai qaydanın qorunması zərurəti ilə əlaqədar sürgün olunması məqbul sayılır.
1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm hökmü nəzərdə tutulmuş cinayət hadisəsinin törədilməsinə görə məhkəmə hökmünün icrasından başqa, qəsdən həyatdan məhrum edilə bilməz.
2. Son zərurət vəziyyətində gücün tətbiq edilməsi nəticəsində həyatdan məhrumetmə bu maddənin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz:
a) hər hansı şəxsi qanunsuz zorakılıqdan müdafiə məqsədilə; b) qanuni həbs həyata keçiriləndə və ya qanuni əsaslarla saxlanılmış şəxsin qaçmasının qarşısının alınması məqsədilə;
c) qanunla nəzərdə tutulmuş hallarda ixtişaş və qiyamın yatırılması məqsədilə.
Konvensiyanın 2-ci maddəsində «hər kəsin yaşamaq hüququ qanunla qorunur» ifadəsi öz əksini tapmışdır.
«Yaşamaq hüququ»nun yarandığı vaxtın hesablanması tarixin bir çox mərhələlərində mübahisələrə səbəb olmuş və bu mübahisələr bu gün də davam edir. Bir qrup ənənəvi olaraq, insan həyatının doğulduğu andan başlandığının, abort əleyhinə olanlar və gövdə hüceyrələri sahəsində təcrübə aparan mütəxəssislər isə dölün ana bətnində olduğu müddətdən insan həyatının başlanğıcının hesablanmasının tərəfdarları kimi çıxış edirlər. Müxtəlif dövlətlərin, o cümlədən, Azərbaycan Res¬pub¬likasının qanunvericiliyinin də bu məsələyə münasibəti birmənalı deyil. Belə ki, Azərbaycan Respublikası CM-nin 141-ci maddəsi həkim tərəfindən tibb müəssisəsindən kənarda abort etməyi qanunsuz qiymətləndirərək bu əmələ görə cinayət məsuliyyətini nəzərdə tutur və bu cinayət əməlinin obyekti kimi insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətləri və zərərçəkmiş şəxsin (hər bir halda yalnız hamilə qadın, hətta, həmin şəxsin razılığı olduğu halda belə) sağlamlığı və həyatını qəbul edir.
«Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin tələblərinə əsasən, hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək, sosial göstəricilər üzrə isə 22 həftəliyinədək aparıla bilər. Həmin müddətdən sonra abort qanunsuz hesab edilir.
Qanunsuz abortetmə cinayəti hamiləliyin süni sürətdə dayandırıldığı, yəni dölün ana bətnindən kənarlaşdırıldığı andan başa çatmış hesab olunur. Göründüyü kimi, qeyd edilən cinayət əməlinin obyekti kimi insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər və zərərçəkmiş şəxsin sağlamlıq və həyat təhlükəsizliyi qəbul edilsə də, cinayətin başa çatmış hesab edilməsi üçün ictimai təhlükəli nəticələrin mövcudluğu əlaqələndirilmir.Bununla da, dölün ana bətnində olduğu 22 həftəlik müddətdən sonra insan həyatının başlanğıcı nəticəsinə gəlinir.
Bundan fərqli olaraq, Azərbaycan Respublikası CM-nin 120.2.8-ci maddəsi insan həyatının başlanğıcını hamiləliyin yarandığı vaxt qəbul edir. Belə ki, həmin maddə təqsirkar şəxs üçün aşkar surətdə hamilə olan qadını qəsdən öldürmə əməlinin obyekti kimi həm zərərçəkən şəxsin, həm də gələcəkdə doğulacaq uşağın həyatını hesab edir. Qanunun tələbinə əsasən, hamiləlik dövrünün müddəti əməlin tövsüfü üçün əhəmiyyət kəsb etmir.
Həmçinin, Azərbaycan Respublikası CM-nin 121-ci maddəsi ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Bu maddə ilə şərh olunan cinayətin obyektini yeni doğulan uşağın həyatı təşkil edir. Doğuş vaxtı dedikdə, doğuş prosesinin başlanması ilə uşağın ana bətnindən ayrıldığı vaxta qədər olan müddət nəzərdə tutulur. Doğuşdan dərhal sonra dedikdə isə, uşağın ana bətnindən ayrıldıqdan dərhal sonra (24 saat ərzində) öldürülməsi başa düşülür.
Bu məsələyə Avropa Komissiyasının münasibəti birmənalı¬dır. Komissiyanın 19 may 1992-ci il tarixli Norveçə qarşı qəbul etdiyi qərarda göstərilmişdir ki, yalnız anadan olmuş uşaqların yaşamaq hüququ tanınır, bu hüquq gələcəkdə doğulacaq uşaqlara şamil edilə bilməz.
Qeyd edildiyi kimi, yaşamaq hüququnun qorunmaması baş vermiş ölümlə nəticələnir. Tibb sahəsində ölümün öyrənilməsi ilə tanologiya elmi məşğul olur. Ölüm orqanizmin təbii inkişafının bərpaedilməz sonu kimi qəbul edilir.
Biologiya və tibb elminə əsasən, ölüm bir neçə cür olur. Kliniki ölüm, bioloji ölüm və beyin fəaliyyətinin dayanması nəticəsində ölüm.
Problemlərin mürəkkəbliyinə baxmayaraq, tibb elmində ölümün mənşəyi, növü, onun başvermə səbəbləri və baş verdiyi vaxtın həkimlər tərəfindən müəyyənləşdirməsi üçün dəqiq təsnifat işlənib hazırlanmışdır. Ölüm iki cürdür. Təbii ölüm və zorakı ölüm.
Təbii ölüm mənşə etibarilə fizioloji ölüm, patoloji ölüm və qəfil ölümə ayrılır. Zorakı ölümə isə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə və bədbəxt hadisə nəticəsində baş vermiş ölümlər daxil edilir.
Hər bir ölüm hadisəsi əlamətlərinə, başvermə səbəbinə, mexanizminə (törədilmə üsuluna) əsasən müəyyənləşdirilir. Beyin fəaliyyətinin dayanması klassik ölümdən fərqlidir.
Müasir dövrdə «xeyirxah ölüm»adlandırılan «evtanaziya»nın təbii ölümə və ya zorakı ölümə aid edilməsi məsələsində uzun müddətdir ki, mübahisələr aparılır. Evtanaziya istilahı ilk dəfə XVII əsrdə Frensis Bekon tərəfindən asan ölüm mənasında işlədilmişdir. II Dünya Müharibəsi illərində Avropa ölkələrində bu niyyət geniş yayılsa da, ilk dəfə faşist Almaniyası tərəfindən məxfi şəkildə həyata keçirilmiş, sonradan Avropa ölkələrində də tətbiq olunmuşdur. Faşist Almaniyası tərəfindən evtanaziyanın tətbiqi bu üsulun nüfuzdan düşməsi ilə nəticələnmişdir. Qeyd olunur ki, 1939-cu ildə Ziqmund Freyd öz arzusu ilə ağız boşluğunda olan sağalmaz xərçəng xəstəliyi ilə əlaqədar evtanaziyaya məruz qalmışdır. Bu səbəbdən evtanaziya tərəfdarları insanın yaşamaq hüququ olduğu kimi ölmək hüququnun olmasını da təbii hüquqlar qismində önə çəkirlər və bunu zorakı ölüm kimi qiymətləndirmirlər. Onlar evtanaziyanı, nəinki, cinayət əməli saymırlar, əksinə ağır fiziki iztirablarla, ağrılarla müşayiət olunan sağalmaz xəstəliyə düçar olan xəstələrin həyatdan məhrum edilməsinə faydalı və xeyirxah bir əməl kimi baxırlar.
Xəstənin öz arzusu ilə evtanaziyaya məruz qalmasını ilk dəfə 1984-cü ildə Niderlandın Ali Məhkəməsi rəsmi qəbul etmişdir. 1994-cü ildən ABŞ-nın Oreqon Ştatında (bir sıra məhdudiyyətlərlə) evtanaziya yolu ilə tibbi yardıma icazə verilmişdir. 2002-ci ildə Belçikada evtanaziya rəsmiləşdirildi. 2003-cü ildə 200 nəfər, 2004-cü ildə isə 360 nəfər sağalmaz xəstə (18 yaşına çatmış şəxslər istisna olmaqla) evtanaziyaya məruz qalmışdır. 2005-ci ildən etibarən, Belçika apteklərində xüsusi razılıqla fəaliyyət göstərən həkimlər üçün evtanaziya məqsədilə asan istifadə olunan vasitələr satışa qoyulmuşdur.
Azərbaycan Respublikasının qanunvericiliyi tərəfindən (Rusiya, Ukrayna, Qazaxıstan və.s. ölkələrdə olduğu kimi) evtanaziya cinayət əməli kimi qiymətləndirilir. AR Cinayət Məcəlləsinin 135-ci maddəsi ilə xəstənin xahişi ilə onun ölümünü hər hansı bir vasitə, yaxud hərəkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən tədbirləri dayandırmanı cinayət əməli hesab edilir.
Avropa Məhkəməsi təcrübəsində bu məzmunda şikayət ərizəsinə baxılmışdır. Belə ki, ağır xəstə olan Preti adlı qadın Böyük Britaniya dövlətinin evtanaziyaya icazə verməməklə onun yaşamaq hüququnun pozulması iddiası ilə Məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən onun iddiası təmin edilməsə də, ictimai rəyin formalaşması zəminində bu məsələyə münasibət dəyişmiş və bu Böyük Britaniya hökuməti tərəfindən sağalmaz xəstəliyə düçar olmuş digər bir qadına evtanaziyaya icazə verilməsi ilə nəticələnmişdir.
Evtanaziyaya münasibətin birmənalı olmaması təbiidir. Əxlaqi cəhətdən sağalmaz xəstəni heç kim əzab va iztirablar çəkməyə məhkum edə bilməz və xəstənin əzab və iztirablarına (tibbin mövcud inkişaf səviyyəsində) yalnız ölüm son qoya bilər. Digər tərəfdən, islam və xristian qayda qanunlarına görə, insan üçün bu «ALLAH» qarşısında bağışlanmaz günahdır. Həmçinin, dini məntiqlə «möcüzə» baş verməsi, sağalmaz xəstələrin sağalması Yaradanın əlindədir.
Hüquqi yanaşmada hər kəs özünə aid məsələlərdə sərbəst qərar qəbul etmək, o cümlədən, evtanaziyaya məruz qalmaq hüququna malikdir. Bu yanaşmanın əleyhdarları isə xeyirxahlıqla qəsdən adam öldürmənin bir-birindən ayıran sərhədlərin müəyyənləşdirilməsinin çətinliyi ilə öz mövqelərini əsaslandırırlar. Bu səbəbdən evtanaziyaya məruz qalmalı olan hər bir şəxsə (körpəyə, uşağa, gəncə, yaşlı nəslin nümayəndələrinə, həmçinin, sağalmaz xəstəliyin əmələ gətirdiyi fəsadlara - ağrı və işgəncələrə) fərdi yanaşmanın zəruriliyi şərtləndirilməlidir.
Konvensiyanın yaşamaq hüququnun qanunla qorunması tələbi, ilk növbədə, şəxsin dövlət tərəfindən əsassız olaraq həyatdan məhrum edilməsinə qarşı yönəlməklə, eyni zamanda, həyatdan məhrumetmənin ictimai təhlükəli əməl kimi qiymətləndirilməsini və bu əməli törədənlərə qarşı müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinin tələblərinə əsasən, hər kəsin yaşamaq hüqüqu var və dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
Əsas qanunun bu tələbləri 30 dekabr 1999-cu il tarixli qanunla təsdiq edilmiş və 1 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası CM-nin -qəsdən adamöldürmə (mad.120), ananın yeni doğulmuş uşağını qəsdən öldürməsi (mad.121), özünü öldürmə həddinə çatdırma (mad.125), zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə (mad.123), ehtiyatsızlıqdan adam öldürmə (mad.124), soyqırım (mad.103), əhalini məhvetmə (mad.105), evtanaziya (mad.135) və digər müvafiq maddələri ilə qorunur.
Konvensiyanın 2-ci maddəsində öz əksini tapan «heç kəs qanunla ölüm hökmü nəzərdə tutulmuş cinayət hadisəsinin törədilməsinə görə, məhkəmə hökmünün icrasından başqa, qəsdən həyatdan məhrum edilə bilməz» ifadəsi 1950-ci ilədək hüquqi qüvvədə olmuş və sonradan 6 saylı protokolun Konvensiyanın iştirakçı dövlətlərinin çoxu tərəfindən ratifikasiya olunması nəticəsində öz qüvvəsini itirmişdir.
6 saylı protokol ölüm hökmünün icrasına qarşı yönəlmişdir. Protokolun 1-ci maddəsinin «Ölüm hökmü ləğv edilir, heç kəs ölüm hökmünə məhkum edilə bilməz və edam edilə bilməz» tələbi Avropa Şurası dövlətlərinin bir çoxunda ölüm hökmünün ləğvinə olan ümumi istəkdən irəli gəlmişdir.
- Ölüm hökmü ləğv edilir. Heç kəs ölümə məhkum edilə bilməz və edam edilə bilməz.
1990-cı ildən etibarən 41 dövlət ölüm hökmünü ləğv etmişdir. Bunların sırasında Albaniya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Yunanıstan, Gürcüstan, Polşa, Moldova, Türkmənistan, Ukrayna və Azərbaycan da var. Hazırda Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələri tərəfindən ölüm hökmü çıxarılmır.
6-cı protokol Avropa Şurasının 44 ölkəsi tərəfindən imzalanmışdır. Son olaraq, 15 yanvar 2003-cü ildə Türkiyə həmin protokolu imzalamışdır. Lakin yalnız Türkiyə, Ermənistan və Rusiya həmin protokolu təsdiq etməmişlər. Ölüm cəzasınının bütün hallarda ləğvini nəzərdə tutan 13 saylı protokol 3 may 2002-ci il tarixdə imzalanma üçün açıq elan edilmişdir.
Həmin protokolun giriş hissəsində deyilir:
Həmin sənədə imza atan Avropa Şurasının üzvləri - hər kəsin yaşamaq hüququnun demokratik cəmiyyətin əsas dəyəri olduğuna, bu hüququn qorunması və insan varlığına xas olan ləyaqətin tanınması üçün ölüm cəzasının ləğvinin zəruri olduğuna əmin olaraq;
- 4 noyabr 1950-ci ildə Romada imzalanmış « insan haqları və azadlıqlarının qorunması haqqında» konvensiyada (bundan sonra sadəcə konvensiya kimi istinad olunacaq) təsbit olunan hüquqlarının müdafiəsinin gücləndirilməsini arzulayaraq;
- Ölüm cəzasının ləğvi ilə bağlı 28 aprel 1983-cü ildə Strasburqda imzalanmış 6 saylı protokolla müharibə və dərhal müharibə təhlükəsi zamanı ölüm cəzasının tətbiqinin istisna olunmadığını nəzərə alaraq;
- ölüm cəzasının bütün hallarda ləğv olunması üçün son tədbirlərin görülməsi əzmində olaraq
aşağıdakı məzmunda razılığa gəlirlər:
« Heç kəs bu cəza növünə məhkum olunmamalı və edam edilməməlidir».
7-ci maddəyə əsasən protokol 10 Avropa Şurası üzvünün bu müddəaya razılıqlarını bildirdiyi və onu qəbul etdikləri gündən 3 ay sonra qüvvəyə minəcəkdir.
Avropa Şurası Parlament Assambleyasının 233 saylı (2002-ci il) rəyində Assambleya bütün hallarda ölüm cəzasının ləğv olunması haqqında insan haqları üzrə Avropa konvensiyasına protokol layihə barədə aşağıdakı qeydi yada salmışdır:
Həmin sahədə ən son qətnamələrdə:
- 1187 saylı qətnamə (1999-cu il) ölüm cəzasından azad olan qitə – Avropa;
- 1253 saylı qətnamə ( 2001-ci il) - Avropa Şurası Müşahidəçi ölkələrdə ölüm cəzasının ləğvi ilə ölüm cəzasının tətbiqinin qeyri-insani və alçaldıcı cəza və ən əsas insan hüququnun, yəni həyatın özünün pozulması hesab etdiyini və həmin cəza növünə demokratik və qanunun aliliyi prinsipinə əsaslanan cəmiyyətlərdə yerin olmadığını yenidən təsdiq etmişdir.
Assambleya daha sonra qeyd etmişdir:
«İnsan Haqları üzrə Avropa konvensiyasının 2-ci maddəsi hələ də ölüm
cəzasını nəzərdə tutur. Nəzəriyyənin reallıqla üst-üstə düşməsi üçün həmin müddəadan imtina edilməsi uzun müddətdir ki, Assambleyanın maraq dairəsindədir. Həmin maraq onunla təsdiq olunur ki, daha modern milli konstitusiya sənədləri və beynəlxalq müqavilələr artıq bu cür müddəaları özündə əks etdirmir».
Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının 25 may 1984-cü il tarixli 1984/50 saylı «Ölüm cəzasına məhkum olunanların hüquqlarının təmin olunmasına dair zəmanətlər» adlı qətnaməsinə əsasən, ölüm cəzasını ləğv etməmiş dövlətlər üçün bir sıra standartlar müəyyən edilmişdir. Qətnamənin 5-ci maddəsində əks olunub:
«Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın 14-cü maddəsinə əsasən, ölüm cəzası yalnız ədalətli məhkəmə, o cümlədən, ölüm cəzasını nəzərdə tutan cinayət əməlindən şübhəli bilinən və həmin cinayət əməlinin törədilməsində ittiham olunan şəxsin prosesin bütün mərhələlərində müvafiq hüquqi yardımdan istifadəyə zəmanət verən hüquq prosesinin gedişatında səlahiyyətli məhkəmə tərəfindən çıxarılmış və qüvvəyə minmiş məhkəmə qərarına müvafiq olaraq həyata keçirilə bilər.»
Ölüm cəzasının təbiqi ilə bağlı bir sıra işlərdə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Komitəsi qeyd etmişdir ki, əgər Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın 14-cü maddəsində əks olunan ədalətli məhkəmə prosesi prinsipi pozulmuşdursa, deməli, tətbiq olunmuş ölüm cazası həmin cəza növünün həyata keçirilməsi hallarını tənzimləyən paktın 6-cı maddəsinin 2-ci bəndinə zidd olmuşdur.
250/1987 saylı «Reid v. Jamaica» işində Komitə qeyd etmişdir:
«Paktın müddəalarına riayət olunmadığı proses nəticəsində ölüm cəzası hökmü çıxarılmışsa… paktın 6-cı maddəsi pozulmuşdur. 6 saylı ümumi şərhdə qeyd edildiyi kimi, ölüm cəzasının yalnız qanunauyğun və konvensiyanın müddəalarına zidd olmayan şəkildə çıxarılmalı olduğu barədə müddəa onu nəzərdə tutur ki, prosessual zəmanətlərə riayət olunmalı, o cümlədən, işə müstəqil tribunal tərəfindən baxılması şərtilə ədalətli proses, təqsirsizlik prezumpsiyası, minimum müdafiə prinsipləri, yuxarı instansiyalı məhkəməyə müraciət hüququ təmin olunmalıdır».
«Konsulluq yardımı üzrə hüquq prosesi çərçivəsində məlumat almaq hüququ üzrə» 1 oktyabr 1999-cu il tarixli OJ-16/99 saylı Müşavir rəyində İnsan hüquqları üzrə Beynəlxalq Amerika Məhkəməsi ölüm cəzasına müəyyən hallarda icazə verən İnsan haqları və əsas azadlıqlarına dair Avropa Konvensiyasının 4–cü maddəsi ilə nəzərdə tutulan dürüst proses zəmanətlərinin aşağıdakıları qeyd etdiyini vurğulamışdır:
« Ölüm cəzasını seçərkən və onu tətbiq edərkən özbaşına həç kəsi həyatdan məhrum etmək olmaz» prinsipini rəhbər tutmaq lazımdır. İstər Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın 6-cı maddəsi, istərsə də konvensiyanın 4-cü maddəsi qanuni prosessual qaydalara ciddi əməl olunmasını və ölüm cəzasının yalnız «ən ağır cinayətlərin törədildiyi» hallarda tətbiq olunmasını tələb edir. Hər iki sənəddə ölüm cəzasının tətbiqinə məhdudiyyət qoyaraq son nəticədə onun ləğv olunması üzrə aydın tendensiya mövcuddur. Digər beynəlxalq sənədlərdə mövcud olan həmin tendensiya belə bir beynəlxalq prinsipdə öz əksini tapır ki, ölüm cəzasını hələ də tətbiq edən ölkələr həmin hallarda məhkəmə zəmanətlərinə riayət olunmasına ən sərt şəkildə nəzarət etməlidirlər. Ölüm cəzasına məhkum olan şəxsin ən ağır şəkildə cəzalandırılacağını nəzərə alaraq, məlumat almaq hüququnun təmin olunması həmin hallarda daha da məcburi xarakter daşıyır. Əgər dürüst qanuni prosesə – (hüquqlar və zəmanətlər də daxil olmaqla) istisnasız olaraq hər bir halda riayət olunmalıdırsa, deməli, insan haqları üzrə hər bir müqavilə və bəyannaməyə riayət olunmasının vacibliyi də artır. Ölüm cəzasının nəticəsinin dönməz xarakter daşıdığını nəzərə alaraq, dövlətdən ən ciddi və sərt şəkildə tələb olunur ki, məhkəmə zəmanətlərinə riayət olunsun, onların pozulmasına və insan həyatına özbaşına şəkildə son qoyulmasına yol verilməsin.
Hər bir dövlət öz qanunlarında ölüm cəzasının müharibə və dərhal müharibə təhlükəsi zamanı tətbiqi ilə bağlı müddəa nəzərdə tuta bilər. Həmin cəza növü yalnız qanunla müəyyən olunmuş hallarda və ona müvafiq şəkildə tətbiq olunur. Dövlət müvafiq qanun müddəasını Avropa Şurasının Baş Katibinə təqdim etməlidir.
Müharibə təhlükəsinin qaçılmaz olduğu və ya müharibə şəraitində edilən əməllərə görə ölüm hökmü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə dəyişiklik edilməsi səlahiyyəti müstəqil dövlət kimi Azərbaycan Respublikasına aiddir.
Müharibə dövründə və ya müharibənin qaçılmaz olduğu bir şəraitdə ölüm hökmü cəzası nəzərdə tutulan cinayət əməllərinə görə ölüm hökmünün tətbiq olunması dövlətin qanunvericiliyi ilə müəyyənləşdirilə bilər. Lakin bu sahədə dəyişiklərlə əlaqədar, Avropa Şurasının Baş Katibi qanunvericiliyində dəyişiklik etmiş dövlət tərəfindən məlumatlandırılmalıdır.
Son zərurət vəziyyətində gücün tətbiq edilməsi nəticəsində hər hansı bir şəxsi qanunsuz zorakılıqdan müdafiə məqsədilə, qanuni həbs həyata keçiriləndə və ya qanuni əsaslarla saxlanılmış şəxsin qaçmasının qarşısının alınması məqsədilə və qanunla nəzərdə tutulmuş hallarda ixtişaş və qiyamın yatırılması məqsədilə həyatdan məhrumetmə bu maddənin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz.
«Polis haqqında Azərbaycan Respublikası qanunu»nun 26-cı maddəsinin tələblərinə əsasən, polis əməkdaşı onun qanuni tələblərinə əməl etməyən hər hansı bir şəxsə qarşı hüquqi vasitələri (xidməti silah da daxil olmaqla) aşağıdakı hallarda tətbiq edə bilər:
- insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə;
- qiyam və ya kütləvi ixtişaşlar baş verdikdə;
- girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə;
- yaşayış binalarına, müəssisələrə, idarələrə, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə, müqavimət göstərən və ya insan həyatı və sağlamlığı, habelə, mülkiyyəti əleyhinə cinayət törədən şəxs yaxalandıqda və ya qaçmağa cəhd göstərdikdə;
- tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstərəcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda;
- cinayət törədilməsində şübhələndiyinə görə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən cəhd göstərildikdə.
Göründüyü kimi, odlu silahın istifadəsi ilə aparılan hər hansı polis əməliyyatının məqsədi - ətrafdakılar üçün mümkün qədər az təhlükə yaratmaqla, silahlı cinayətkarın həbs edilməsidir. Bu polisin cəmiyyət üzvlərinin müdafiəsi üzrə əsas vəzifəsidir. Lakin polis vaxtından əvvəl həbsi həyata keçirərək öz və ya digər əməkdaşların həyatını təhlükə altına salmamalıdır. Odlu silahı olan cinəyatkarın fiziki sağlamlığı polis əməkdaşından yüksək qiymətləndirilməməli və polis lüzumsuz riskə yol verməməlidir. Odlu silahın, habelə hər hansı bir gücün tətbiq edilməsi zamanı polisin hərəkətlərinə qanunla nəzərdə tutulmuş məhdudiyyətlər vasitəsilə nəzarət olunur. Bu məsələyə dair qanunvericiliyin müddəalarından irəli gələn ən vacib şərt odur ki, hər kəs şəxsi məsuliyyət daşıyır. Odlu silahı istifadə edən polis əməkdaşı məhkəmə və ya müstəntiq istintaqı qarşısında cavabdehdir və həmin hərəkətlər qeyri-qanuni (yaxud qeyri müvafiq) olduğu halda, ona qarşı qəsdən öldürmə, ehtiyatsızlıqdan öldürmə və ya qeyri-qanuni xəsarət yetirmə ilə əlaqədar ittiham irəli sürülə bilər. Eyni zamanda, odlu silahı qeyri-qanuni və ehtiyatsız istifadə etmiş şəxs əhəmiyyətli zərərin ödənilməsi iddiası üzrə mülki işdə cavabdeh ola bilər. Polis orqanları rəhbərliyinə qarşı irəli sürülə biləcək oxşar iddia şəxsi bu məsuliyyətdən azad etmir. Rəisin əmrinə əsasən, polis əməkdaşı tərəfindən odlu silahın istifadəsi, müstəqil olaraq onu cinayət məsuliyyətindən azad etmir. Polis əməkdaşına odlu silah verildikdə, bu silahın yalnız qanunauyğun qaydada tətbiq edilməsinə səlahiyyət verilir. Eyni zamanda, polis əməkdaşı əməliyyat üzrə təlimat aldıqda cinayətkar barədə məlumatda onun təhlükəli və amansız olduğu göstərilə bilər. Bunun nəzərə alınacaq hallardan biri olmasına baxmayaraq, ona qarşı qeyri-qanuni atəş açılmasına bəraət qazandırılmır.
Hərəkətlərə görə son məsuliyyət odlu silahı istifadə etmiş şəxsin üstündədir və buna görə müəyyən anda atəş açıb-açmamaq qərarı şəxsin özü tərəfindən qəbul edilməlidir. Bu qərar məsələyə dair qanunu aydın bilməsi və müəyyən vaxtın şəraitləri baxımından qəbul edilməlidir.
Lakin qeyd etmək lazımdır ki, bu tədbirlər zamanı odlu silahdan istifadə edilməsinin zəruriliyi yalnız bu tədbirlərin qanuniliyi ilə deyil, həm də baş verə biləcək ağır nəticələrin qarşısının alnmasının başqa vasitələrlə mümkünsüzlüyü ilə əsaslandırılmalıdır. Bu səbəbdən böyük ictimai təhlükə törətməyən cinayət əməlinə görə şübhəli şəxs qismində tutulmuş və qaçmağa cəhd göstərən insana qarşı silah tətbiq etməklə onu həyatdan mərhum etmək qanuni və əsaslı sayıla bilməz.
Avropa Məhkəməsinin «Makkan və digərləri Böyük Britaniyaya qarşı» 17/1994/464/545 saylı işi üzrə qərarında gücün tətbiq olunmasının ümumi qaydaları belə müəyyənləşdirilmişdir:
1. Məqsədə nail olmaq üçün zəruri olduğundan artıq güc tətbiq etməyin;
2. Odlu silahdan istifadə etdiyiniz halda, ətrafda olan şəxslərin təhlükəsizliyi üçün siz bunu diqqətlə etməlisiniz;
3. Atəşaçmadan əvvəl xəbərdarlıq edilməlidir.
(a) Xəbərdarlıq mümkün olduqda atəşaçmadan əvvəl verilməlidir. O, mümkün qədər ucadan edilməli, habelə, hücumu dayandırmaq əmrini və onlara tabe olmadıqda atəş açılacağı bildirişini əks etdirməlidir.
(b) Xəbərdarlıq etmə və ya atəşin açılmasında hər hansı ləngitmə müdafiə etməli olduğunuz şəxsin, sizin, yaxud əməliyyatın digər üzvünün ölümünə və ya onlara xəsarət yetirilməsinə gətirib çıxara bildiyi hallarda atəş aça bilərsiniz.
4. Atəşaçma:
- Girov saxlayan şəxslərə aşağıdakı hallarda atəş açıla biəlr.
(a) O, odlu və ya digər silahdan istifadə etdikdə, yaxud partlayıcı qurğunu
partlatdıqda silah sizin, əməliyyatın digər üzvünün, yaxud müdafiə etməli
olduğunuz şəxsin ölməsi və ya ağır xəsarət alması üçün təhlükə olduqda;
(b) O, odlu və ya digər silahdan istifadə etmək, yaxud partlayıcı qurğunu
partlatmaq niyyətində olduqda və onun hərəkətləri ilə sizin, yaxud
əməliyyatın digər üzvünün, yaxud müdafiə etməli olduğunuz şəxsin
həyatına təhlükə yarada və ya sağlamlığa ağır xəsarət yetirə bildikdə.
5. Partladıldığı təqdirdə sizin, əməliyyatın digər üzvünün, yaxud müdafiə etməli olduğunuz şəxsin həyatına təhlükə yarada və ya sağlamlığa ağır xəsarət yetirə biləcək hər hansı maşın, gəmi, bina, qurğu və ya onun yanında partlayıcı maddənin yerləşdirilməsi prosesində olduqda və təhlükə altında olanların müdafiəsi üçün digər yol olmadıqda.
BMT-nın «güc və odlu silah prinsiplərinin» (7 sentyabr 1990-cı ildə Cinayətkarlığın Qarşısının Alınması və Cinayətkarlıqlala Davranış üzrə Səkkzinci BMT Konqresi tərəfindən qəbul edilmişdir) 9-cu maddəsində xüsusilə aydın nəzərdə tutulur ki, «odlu silahın qəsdən öldürücü tətbiq edilməsinə yalnız həyatın qorunması üçün qəti surətdə labüd olduqda yol verilə bilər»
Həmin pinsiplərin 23-cü maddəsində deyilir: «Qarşısına güc və odlu silah tətbiq edilmiş şəxslər və ya onların qanuni nümayəndələri müstəqil prosesdən, o cümlədən məhkəmə prosesindən istifadə etmək imkanına malikdir. Bu şəxslər öldükdə, hazırkı müddəa müvafiq olaraq onların ailə üzvlərinə tətbiq edilməlidir.
İqtisadi və sosial Şurasının 1989/65 saylı 24 may 1989-cu il tarixli qətnaməsi mlə qəbul olunmuş BMT-nın «Qeyri qanuni, özbaşına və kütləvi öldürmələrin effektiv qaydada qarşısının alınması prinsiplərinin» ( «Qeyri-qanuni öldürmələrə dair BMT-nın prinsipləri») 9-cu maddəsində aşağıdakılar nəzərdə tutulur: «Bütün qeyri-qanuni, özbaşına və kütləvi öldürmələrdjə və şübhə olan hallarda,o gümlədən qohumların şikayətlərində və ya digər etibarlı məlumatda yuxarıdakı hallarda qeyri-təbii ölümün bildirildiyi hallarda ətraflı, («ex post fasto» prosedurası təmin edilməklə) təxirəsalmaz və qərəzsiz istintaq aparılmalıdır…»
9-17-ci maddələrdə belə ölümlərlə əlaqədar istintaq prosesi zamanı riayət edilməli hallar nəzərdə tutulmuşdur.
Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.
BMT-nin Ümumbəşər İnsan Hüquqları Bəyannaməsinin I maddəsində deyilir: «Bütün insanlar öz ləyaqət və hüquqlarında azad və bərabər doğulurlar».
Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi, Azərbaycan Respublikasının qoşulmuş olduğu bir çox beynəlxalq hüquqi-normativ aktlar və konvensiyalar işgəncəni qadağan edir və qarşısının alınması üçün tədbirlər görülməsini nəzərdə tutur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 46-ci maddəsində göstərilir:
«Həç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və digər təcrübələr aparıla bilməz».
İnsan azadlığı və hüquqlarının əsasını təşkil edən insan ləyaqəti yalnız insanın dövlətlə qarşılıqlı münasibətlərinə aid bir məsələ deyil. Hüquq və azadlıqların pozulmasına yönəlmiş təhlükə mənbələrindən asılı olmayaraq, hər bir insanın ləyaqətinin, şəxsi toxunulmazlığının qorunması öhdəliyi bir qayda olaraq dövlətin üzərinə qoyulmuşdur. Ən ağır cinayət əməllərini törətmiş şəxslərə münasibətdə görülən tədbirlər cinayətkarlığa qarşı mübarizədə səmərəli nəticələrə səbəb olsa belə, həmin şəxslər işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.
Avropa Məhkəməsinin dəfələrlə bildirdiyi kimi, 3-cü maddə demokratik cəmiyyətin dəyərlərindən birini özündə əks etdirir. Hətta, terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə vasitəsi kimi ən çətin hallarda belə konvensiyada işgəncələr və qeyri-insani, yaxud alçaldıcı rəftar və ya cəzalar qəti şəkildə qadağan edilir. Konvensiyanın 1 və 4 saylı protokollarının maddələrindən fərqli olaraq, 3-cü maddədə hər hansı bir istisna hal nəzərdə tutulmur. 15-ci maddəyə əsasən, hətta, dövlətə təhlükə yaradan fövqəladə vəziyyət zamanında belə bu maddənin tələblərinin məhdudlaşdırılmasına yol verilmir. Bu hüquq norması 28 oktyabr 1998-ci il tarixli Selmuni Fransaya qarşı (« Selmouni v. Franse») 25803/94 saylı işi üzrə qərarda öz əksini tapmışdır.
Məhkəmə hökmü ilə təyin edilən, fərdi xarakter daşıyan və yalnız təqsirkara qarşı yönəldilmiş cinayət-hüquqi xarakterli tədbir də daxil olmaqla, səlahiyyətli orqanlar tərəfindən təyin edilmiş hər hansı bir cəza tədbiri işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarla müşayiət oluna bilməz.
Əgər şəxs əsaslandırılmış şəkildə dövlət rəsmiləri tərəfindən işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qaldığını iddia edirsə, dövlət bu sahədə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar araşdırma aparılmasını, iddiada qeyd edilən faktlar öz təsdiqini taparsa, maddi və mənəvi ziyana məruz qalan şəxsin, bu ziyana görə kompensasiya almaq hüququnu, günahkar şəxslərin müəyyən edilərək cəzalandırılmasını təmin etməlidir. Belə tədbirlərin həyata keçirilməsinin dövlət tərəfindən təmin edilməməsi (hərəkətsizlik) konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin pozulması kimi qiymətləndirilir.
Göründüyü kimi, öhdəliyin pozulması obyektiv cəhətdən iki şərti müəyyənləşdirir:
1. İşgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmanın aktiv hərəkətlər və ya hərəkətsizliklə müşayiət olunması;
2. Dövlət rəsmilərinin bu növ qanunsuz əməllərə dözümlü münasibət göstərməsi.
İşgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza həyata keçirilmə mexanizminə görə əsasən bu hərəkətləri əhatə edir:
1. Şəxsin iradəsi əleyhinə zorakı hərəkətlər (zorlama, döymə, müxtəlif vasitələrdən istifadə etməklə təsir)
2. Mənəvi əzab (hərəkət və hərəkətsizlik)
Şəxsin iradəsi əleyhinə zorakı hərəkətlər işgəncə verməni və qeyri-insani hərəkətləri əhatə edir.
Azərbaycan Respublikası qanunvericiliyinin müddəalarına əsasən, işgəncə qeyri-insani və ləyaqəti alçaldan hərəkətlər aşağıdakı kimi qiymətləndirilir:
İşgəncə dedikdə - şəxsin mütəmadi olaraq döyülməklə və digər zorakı hərəkətlərlə ona güclü fiziki ağrı və ya psixi iztirablar verilməsi nəzərdə tutulur. İşgəncə vermənin xarakterik əlamətlərindən biri kimi şəxsin mütəmadi olaraq - üç dəfə və daha artıq döyülməsi nəzərdə tutulur. Digər zorakı hərəkətlər dedikdə isə - şəxsin uzun müddət sudan, istilikdən, sığınacaqdan məhrum etmək və yaxud onun sağlamlığı üçün zərərli şəraitdə saxlamaq, habelə, şəxsə dəfələrlə və ya uzun müddət ərzində ağrılar vermək - çimdikləmək, kəsib doğramaq, küt və ya iti alətlərlə çoxlu, lakin kiçik ölçülü xəsarətlər yetirmək və buna oxşar digər hərəkətlər başa düşülür.
Qeyri-insani hərəkətlər (şəxsin dırnaqlarının çıxarılması, qızdırılmış metalla və ya elektrik cərəyanı ilə yandırma, bədənə elektrik cərəyanı vermə, başa plastik torba keçirmə, uzun müddət başı suyun altında saxlama, su şırnağı altında uzun müddət saxlama, zəhərləyici qaz və şüa ilə bədənə təsir etmə, şəxsin gözü qarşısında yaxınlarına qarşı bu hərəkətlərin edilməsi və.s.) işcəngənin daha şiddətli formasıdır və törədilmə üsulu ilə fərqlənməklə, şəxsə dözülməz fiziki və psixi iztirabların verilməsidir.
Ləyaqəti alçaldan hərəkətlər dedikdə - şəxsdə təlaş, qorxu, ləyaqətsizlik və digər hisslər yaradaraq, şəxsə mənəvi əzab verməklə onun fiziki və psixi müqavimətini qırmağa yönəlmiş hərəkətlər başa düşülür.
İşgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma şəxsi münasibətlər zəminində qəsdən «cəzalandırma», əzab, işgəncə verməkdən «zövq» almaq, qorxutmaqla hər hansı bir hərəkətləri etməyə məcbur etmə və ya əksinə, müəyyən hərəkətləri etməkdən çəkindirmə, ibtidai istintaq orqanlarında «etirafedici» ifadələrin alınması məqsədilə həyata keçirilir.
Zərərçəkmişin davranışından asılı olmayaraq, konvensiyada işgəncələr və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzalar qəti şəkildə qadağan edilir. 15 noyabr 1996-cı il tarixli Şahal Böyük Britaniyaya qarşı «Chahal v. The United Kingdom» işi üzrə belə qərar qəbul edilmişdir.
Konvensiyanın tələbləri və Avropa Məhkəməsi təcrübəsi işgəncələr və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaları müxtəlif meyarlarla fərqləndirir. Bu barədə şərh verərkən Məhkəmə vurğulayır ki, 3-cü maddənin tələbi BMT-nın 26 iyun 1987-ci il tarixdə qüvvəyə minmiş «İşgəncələr əleyhinə konvensiya»sında öz əksini tapmış tərifdə göstərilən meyarlarla qiymətləndirilməlidir:
«İşgəncə - hər hansı bir şəxs və ya üçüncü şəxsdən məlumat və ya etiraf almaq, onu və ya üçüncü şəxsi törətdilən hərəkətdə şübhəli bilindiyinə görə cəzalandırmaq, habelə, onu və ya üçüncü şəxsi qorxutmaq və ya istənilən məqsədlə onu hər hansı bir hərəkətə, hərəkətsizliyə məcbur etmək üçün, həmçinin, istənilən xarakterli ayrı-seçkiliyə əsaslanan niyyətlə şəxsə mütamadi və qəddarlıqla güclü ağrı və əziyyət verən hərəkətləri əhatə edir».
Hərəkətlərin qeyri-insani rəftar çərçivəsinə daxil edilməsi üçün pis rəftar qəddarlığın aşağı hədd dərəcəsinə çatdırılmalıdır. Həmin aşağı həddən qiymətləndirilmə nisbi xarakter daşıyır. Cəza işin və ya rəftarın müddəti, onun fiziki yaxud əqli nəticələri, bəzi hallarda isə zərərçəkmişin cinsi, yaşı və səhhətinin vəziyyətindən asılıdır. Azadlıqdan məhrum olunmuş şəxsin davranışına görə zəruriyyət olmadığı halda fiziki gücün tətbiq olunması insan ləyaqətini alçaldır və prinsip etibarilə, 3-cü maddədə təsbit olunmuş hüquqları pozur. (Tekin Türkiyəyə qarşı « Tekin v. Turkey» 9 iyun 1998-ci il tarixli qərar).
Rəftar (inter alia) qəsdən edilərsə, fasiləsiz saatlarla tətbiq olunarsa, həmçinin, bədən xəsarəti yetirilməklə, yaxud güclü fiziki və əqli iztirab verilməklə törədildikdə Məhkəmə tərəfindən qeyri-insani rəftar, zərərçəkmişi alçalda və ya təhqir edə biləcək qorxu, əzab və keyfiyyətsizlik (şəxsin özünə qarşı gərəksizlik hissləri yaratma) hissləri doğurduqda isə alçaldıcı hərəkətlər hesab edilir. Cəzanın və ya onunla bağlı rəftarın «qeyri-insani» yaxud «alçaldıcı» olması üçün iztirab və ya alçaltma qanuni rəftar və cəzanın hazırkı forması ilə bağlı qaçılmaz olan iztirab və ya alçaltma amilini aşmalıdır. Rəftar məqsədinin zərərçəkmişin təhqir edilməsi və alçaldılması olub-olmaması məsələsi nəzərə alınmalı olan əlavə amildir. Lakin 16 dekabr 1997-ci il tarixli Raninen Finlandiyaya qarşı «Raninen v.Finland» işində çıxarılmış qərarda göstərildiyi kimi, belə məqsədin olmaması nəticə etibarilə konvensiyanın 3-cü maddəsinin pozulmasını istisna edə bilməz.
Pis rəftar barədə məlumat müvafiq sübutlarla təmin edilməlidir. Bu sübutların qiymətləndirilməsi məqsədilə Məhkəmə «əsaslı şübhədən kənar» sübut standartı qəbul edir, lakin əlavə edir ki, belə sübut kifayət qədər əsaslı, aydın və uyğunlaşdırılmış nəticələrin, yaxud oxşar təzkibedilməz prezumpsiyaların eyni zamanda mövcud olmasından irəli gələ bilər.
Milli dövlət orqanları həqiqi mənada və ya mahiyyətcə konvensiyanın pozulmasını etiraf edənədək və sonradan vurulmuş ziyanın əvəzini ödəyənədək ərizəçinin lehinə olan qərar və ya tədbir onun «zərərçəkmiş» statusundan məhrum edilməsi üçün kifayət deyil.
Azərbaycan Respublikasının BMT-nin «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı» 10 dekabr 1984-cü il tarixli konvensiyasına qoşulması ilə əlaqədar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə yeni məzmunda 113-cü maddə («İşgəncə») əlavə edilmişdir. Bu maddə «tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə» hərəkətlərinin törədilməsi ilə xarakterizə olunur. Maddənin tətbiqi istər sülh, istərsə də müharibə şəraitində hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya ardıcıllıqlda edilən hücumların tərkib hissəsi olaraq, hər hansı bir şəxsə qəsdən güclü fiziki və ya mənəvi ağrı, yaxud iztirab verməklə onu və ya üçüncü şəxsi törətdikləri və ya törədilməsində şübhə etdikləri hərəkətlərə görə cəzalandırma, habelə ona və ya üçüncü şəxsə hər hansı səbəbdən istənilən xarakterli məcburiyyət tədbirlərinin həyata keçirilməsinin qarşısını almaq zərurətindən irəli gəlir.
İnsan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər isə Azərbaycan Respublikası CM-nin 133-cü (işgəncə vermə) maddəsini əhatə edir.
Ümumiyyətlə, Azərbaycan Respublikası CM-nin humanizm prinsipi (mad. 9) insanların təhlükəsizliyini təmin etməklə yanaşı, cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlərin cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşımadığını özündə əks etdirir. Məcəllənin bir sıra maddələri, o cümlədən, müharibə qanunları və adətlərini pozma (mad.115), qəsdən sağlamlığa ağır zərər vurma (mad.126), qəsdən sağlamlığa az ağır zərər vurma (mad. 127), xəstəyə kömək göstərməmə (mad 142), təhlükədə qoyma (mad. 143) , adam oğurluğu (mad.144), qanunsuz azadlıqdan məhrum etmə (mad.145), qanunsuz olaraq psixatriya xəstəxanasına yerləşdirmə (mad. 146), böhtan (mad. 147) , təhqir (mad. 148 ) ifadə verməyə məcbur etmə (mad. 293.2), hərbi qulluqçulara işgəncə vermə (mad. 331) və.s. cinayət qəsdinin birbaşa obyektindən başqa, həm də humanizm prinsipinin qorunmasına yönəlmişdir.
Cinayət prosesində tutulmanın tətbiqi müəyyən mənada mümkün məhkəmə nəzarətindən kənardadır. Belə ki, AR CPM-nin müddəalarına əsasən, cinayətin törədilməsində şübhəli olan şəxsin tutulması - onun cinayət törətməkdə bilavasitə şübhəli olduğu və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda, yəni, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən və yaxud cinayət başında yaxalandıqda, zərərçəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə, şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulan əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət işi başlanmadığı halda təhqiqatçı və ya təhqiqat orqanının digər əməkdaşları, müstəntiq və ya prokuror tərəfindən şəxs barəsində 24 saatadək tutma tətbiq edilə bilər. Cinayət işi başlanmış olduğu halda isə ittiham elan edilənədək bu müddət 48 saat təşkil edir. Həmin müddət ərzində polis işçiləri tərəfindən tutulmuş şəxsin fiziki və psixi müqavimətini qırmağa yönəldilmiş hərəkətlərə yol vermənin qarşısının alınması xüsusi əhəmiyyət kəsb edir. Çünki bu qısa zaman kəsiyində şübhəli şəxs qismində tutulmuş şəxs (qadınlar, yetkinlik yaşına çatmayanlar, qocalar, xəstələr, əlillər və digər xüsusi diqqətə ehtiyacı olan şəxslər) hissedici dərəcədə cəmiyyətdən təcrid olunmaqla bir sıra problemlərlə üzləşmək zərurətində qalırlar ki, (yuxusuz, ac-susuz qalmaq, xəstələr üçün zəruri dərman preparatlarının qəbulunun mümkünsüz¬lüyü, əlillər üçün nəzərdə tutulmuş xüsusi vasitələrin olmaması, tutmanın tətbiq edilməsi barədə protokol tərtib olunması üçün müdafiəçi təqdim edilənədək uzun- uzadı sorğu- sual, tutmanı tətbiq edən şəxsin ittiham mövqeyinə üstünlük verməklə nəyin bahasına olursa olsun cinayət işinin başlanmasının təmin edilməsi və ya başlanmış cinayət işinin məhkəmə həllini tapmasına meyllilik, tutma zamanı tətbiq olunan müxtəlif zorakı hərəkətlər və.s.) bu da onların ləyaqətlərinin alçaldılmasına gətirib çıxarır.
Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Respublikasının istintaq təcrübəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərarlar qəbul edilməsi tətbiq olunsa da, başlanmış cinayət işi üzrə icraata xitam verilməsi faktiki olaraq istintaq aparanın səriştəsizliyi kimi qiymətləndirildiyindən, Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsinin geniş tətbiqinə yol verilmir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının CPM-nin 153.2.10-cu maddəsi tutulmuş şəxslə münasibətdə onun şəxsiyyətini və ləyaqətini alçaltmamaqla onlara xüsusi diqqət yetirmək, Azərbaycan Respublikasının “Polis haqqında qanun»unda isə polisin hər hansı bir şəxslə insan ləyaqətini alçaldan şəkildə rəftar etməsinin yolverilməzliyi qeyd olunmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsi və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, cinayəti törətməkdə təqsirli bilinən şəxsə münasibətdə qərəzsiz, ədalətli, tərəflərin hüquq bərabərliyinə və faktlara əsaslanan məhkəmə hökmü ilə sosial ədalətin bərpası, məhkumların islah edilməsi və törədiləcək cinayətlərin qarşısının alınması məqsədilə cəzalar:
- Cərimə;
- nəqliyyat vasitəsini idarə etmə, müəyyən vəzifə tutma hüququndan, fəxri ad, xüsusi rütbə, dövlət təltifindən məhrum etmə;
- ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma;
- əmlak müsadirəsi;
- Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma;
- azadlığın məhdudlaşdırılması;
- intizam xarakterli hərbi hissədə saxlama;
- müəyyən müddətə azadlıqdan məhrum etmə;
- ömürlük azadlıqdan məhrum etmə növündə təyin edilir.
AR Cəzaların İcrası Məcəlləsinin 3.3-cü maddəsi ilə qeyri-insani rəftar qadağan edilir. Həmin məcəllənin 10.2-ci maddəsi isə məhkumların aşağıdakı hüquqlarını təsbit edir:
- cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək;
- ictimai faydalı əməklə məşğul olmaq;
- istirahət etmək;
- pensiya və sosial müavinətlər, tibbi yardım almaq;
- öz hüquqları və vəzifələri barədə məlumat almaq;
- məktub, ərizə və şikayətlə müraciət etmək, zəruri hallarda, bu məqsədlər üçün cəzanı icra edən orqanlar tərəfindən təqdim olunan tərcüməçinin xidmətlərindən istifadə etmək;
- dini ayinlərin icrasında iştirak etmək;
- hüquqi yardım, təhsil almaq və peşə hazırlığı keçmək;
- əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumların AR diplomatik və ya konsulluq nümayəndələri ilə və ya milli yaxud beynəlxalq təşkilatlarla əlaqə yaratmaq;
- məhkəməyə müraciət etmək.
Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan işgəncələrin qadağan olunması tələbinə əsasən, Avropa Məhkəməsi tərəfindən məhkumların saxlanma şəraitinin qəbul olunmuş normalara uyğunsuzluğu səbəbindən məhkumların fiziki və psixi məhrumiyyətlərə məruz qalmaları barədə dəfələrlə qərar qəbul edilmişdir. Bu qərarlarda məsul şəxslər tərəfindən pis rəftara məruz qalmış məhbusun çəkdiyi çətinliklər və belə rəftar barədə xəbər verdiyi halda, yaranan təhlükələrə xüsusi diqqət yetirilməsinin zəruriliyi vurğulanmışdır. Belə rəftara məruz qalan məhbusun məhkəməyə - hakimə müraciət etməyə cürəti olub- olmaması da (hakimin həbsxana rəisi ilə əlaqədə ola bilməsi ehtimalı ilə əlaqədar) diqqətdə saxlanılmalıdır. Pis rəftara məruz qalmış məhbusun öz hüquqlarını qorumaq üçün gətirməli olduğu arqumentlər də özünəməxsus yanaşma tələb edir. Məs, elə rəftar var ki, özündən sonra heç bir iz saxlamır. Bunlara tibbi müayinə zamanı hədələr, alçaldıcı hərəkətlər, müvafiq tibbi yardımın vaxtlı-vaxtında göstərilməməsi və ya nəzarətçilərin təhqir sözləri altında qaçmağa məcbur edilmə, qanunsuz olaraq telefondan istifadənin, açıq havada gəzintinin, ailə üzvləri ilə görüşlərin məhdudlaşdırılması, mədəni, idman və istirahət tədbirlərində iştirak etmənin qadağan olunması, əqli tamlığa zərər vura biləcək hər hansı bir rəftar və.s. daxildir.
Məcəllənin 13.3-cü maddəsinə əsasən, məhkumlara dini ayinləri yerinə yetirmək, dini ləvazimat və ədəbiyyatdan istifadə etmək məqsədilə müvafiq yer ayrılması, məhkumların xahişi ilə dövlət qeydiyyatına alınmış dini birliklərin din xadimlərinin cəzaçəkmə müəssisələrinə dəvət olunmalarının zəruriliyi nəzərdə tutulsa da, real olaraq məhkumların bu hüquqları həyata keçirilmir.
Məcəllənin 167-ci maddəsinə əsasən məhkumlar cəza çəkməkdən xəstəliyə və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslara görə azad edilə bilərlər.
AR Cinayət Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur. AR CM-nin 78.2-ci maddəsinə əsasən, cəzanın çəkilməsinə mane olan psixi xəstəlikdən əlavə digər ağır xəstəliyə düçar olmuş məhkum da məhkəmənin qərarı ilə cəza çəkməkdən azad oluna bilər. Cəzanın çəkilməsinə mane olan digər ağır xəstəlik dedikdə, cəzaçəkmə yerində məhkumun həyatını təhlükə altına alan, habelə, onun üçün ağır nəticələr doğura biləcək xüsusiyyətə malik olan xəstəliklər nəzərdə tutulur. Lakin bu günədək belə xəstəliklərin xüsusi siyahısının tərtib olunmaması, bu xəstəliklərin mövcudluğunu təsdiq edən müstəqil həkim komissiyasının yaradılmaması bu sahəyə olan biganə münasibətin real təzahürüdür.
Konvensiyanın 3-cü maddəsinin tələbi həm də cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi üzrə icraat zamanı bu məsələlərə xüsusi diqqət yetirilməsinə yönəldilmişdir.
Məlumdur ki, bir sıra dövlətlərdə müəyyən sosial maraqları olan qruplar dövlətin daxili və xarici siyasətində müəyyən məsələlərə təsir göstərmək üçün formal təşkilatlar yaradırlar və bütöv bir etnik qrupun maraqlarına istinad edilər. Bu cür təşkilatlar normal ictimai münasibətlər üçün real təhlükə qismində çıxış edirlər. Məsələn, kooptasiya (seçkisiz yeni üzvlərin qəbul edilməsi) üsulu ilə irqçi ekstremistlər (skinxedlər) tərəfindən milli azlıqlar sıxışdırılır. Bunun nəticəsində bir sıra ölkələrin sakinləri xenofobiya, başqa sözlə, təqib altında yaşamağa məhkum olurlar.
Azərbaycan Respublikası MDB-nin hüquqi yardım göstərilməsinə dair 22.01.1993-cü il və 7.10.2002-ci il tarixli konvensiyalarına qoşulmuşdur.